Konsulluq xidməti və Viza
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi

Qayıdış şəhadətnaməsi - Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəddir.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 10-cu maddəsinə əsasən və “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq:

  • xarici ölkədə pasportunu itirmiş;

  • pasportu oğurlanmış və ya yararsız hala düşmüş;

  • pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə” ilə tənzimlənir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və konsulluqları tərəfindən rəsmiləşdirilir. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmayan xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin Şəhadətnamə ilə təmin edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu ölkədə Azərbaycan Respublikasının mənafeyini ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada təmsil edən digər dövlətin diplomatik nümayəndəliyi və ya konsulluğu vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin iki növü var:

  • Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi  (AAseriyalı) (əlavə №1);

  • Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi (AB seriyalı) (əlavə №2).

Qanunvericiliklə müəyyən olunmuş məsuliyyət və məhdudiyyətlər:

Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən  qanunvericilikdə göstərilən sənədlər təqdim edildikdən sonra Şəhadətnamə ərizə-anket qeydiyyata alındığı vaxtdan ən geci 3 təqvim günü müddətində verilir.

Qayıdış şəhadətnamələrinin verilməsi “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə verilir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında qayıdan Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs Qayıdış şəhadətnaməni Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində ona pasport verən Azərbaycan Respublikasının müvafiq dövlət orqanına təhvil verməlidir.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini almaq üçün müraciət edən şəxs özü,  habelə onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış şəxs barəsində bilərəkdən yanlış məlumat verərsə, ona Şəhadətnamə verilməsindən imtina olunur və bu barədə yazılı cavab verilir. Şəhadətnamənin verilməsinə imtina edildikdə şəxs bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verə bilər.

Əsasnamənin tələblərinə zidd olaraq Şəhadətnamənin verilməsindən əsassız imtina edilməsində, Şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsində və ya onun verilməsində süründürməçiliyə yol verilməsində təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onun verilməsində süründürməçiliyə yol verilməsinə görə - beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Xarici ölkələrə səfər edən vətəndaşların nəzərinə! 

Xarici ölkədə pasport oğurlandığı və ya itirildiyi təqdirdə səfirlik və konsulluqlarımız tərəfindən vətəndaşın şəxsiyyətini və vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsində operativliyin təmin edilməsi məqsədilə xarici ölkəyə səfər etməzdən öncə pasportun və şəxsiyyət vəsiqəsinin surətinin çıxarılması tövsiyə olunur.

Xarici ölkədə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasının xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) səfirlik və ya konsulluğunda konsulluq uçotuna düşməsi tövsiyə olunur. 

 

Dövlət rüsumu

 

Dövlət rüsumu - dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən və hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə (sənədlərin tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır (ödənişdir).

Qayıdış Şəhadətnaməsinin rəsmiləşdirilməsinə görə müəyyən edilən - Dövlət rüsumu

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün müraciət edən şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

“Dövlət rüsumu haqqında”  Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.1.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu tərəfindən Azərbaycan Respublikası vətəndaşlarına və ya Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə ölkəyə qayıtmaq üçün pasportu əvəz edən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi üçün: 

– 10 ABŞ dollar məbləğində dövlət rüsumu səfirliyin bank hesab nömrəsinə  ödənilməlidir.

Dövlət rüsumunun ödənilməsindən azadolmalar

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.7.-ci maddəsinə əsasən, aşağıdakı kateqoriyalar üzrə Azərbaycan Respublikasının vətəndaşlarına qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur: 

Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.

Bu maddənin birinci cümləsində göstərilən hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.”.

 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti